Yaxlaşıq 14 il öncə – 22 may 2006-cı ildə İran İslam Cümhuriyyətinin rəsmi “İran” qəzeti öz uşaq bölümündə Azərbaycan Türklərini təhqir edib aşağılayan bir karikatür dərc etdi. Panfarsizmin Fars olmayanları əritmə stratejisi ilə bağlı çoxsaylı gedişlərdən biri olan bu karikatür uşaqları öz Türk kimliyindən utanc duymağa və aşağılıq kompleksinə uğramağa məcbur etmək hədəfi daşıyırdı. Bu aşağılıq kompleksi isə hələ milli şüuru yetkinləşməmiş uşaqlarda psixoloji sarsıntılar doğuracaq və sarsıntılardan qurtulmaq üçün onları farslaşma siyasətinə dirəncsiz boyun əyməyə məcbur edəcəkdi. 1925-ci ildə panfarsizmin hakimiyyətə gəldiyi gündən başlayan bu siyasət Fars şovinizminin başlıca strateji xətlərindən biri idi və ona görə də, karikatür sayıqlaması təsadüfi addım sayıla bilməzdi.
Ancaq panfarsizmin karikatür gedişi əks sonuc verdi və universitet öyrəncisi Türk gənclərinin kütləvi etirazı çox qısa zamanda bütün Azərbaycan Türklərinin geniş təpkisinə çevrildi. Öyrənci gənclərin “İran” qəzetini pisləməsi xalq kütlələrinin suçluları cəzalandırma tələbilə əvəzləndi və Güney Azərbaycan şəhərlərində meydanlara çıxan yüz minlərlə insan o çağadək zorla susdurulmuş səslərini ucaldaraq hayqırdılar: “Haray, haray, mən Türkəm!”, “Türk dili ölən deyil, Fars dilinə dönən deyil!”, “Ölüm olsun faşizmə!”, “Türk dilində mədrəsə, olmalıdı hər kəsə!”…
Bu hayqırtılar səksən neçə ildən bəri aparılan zorakı farslaşdırma siyasətinin iflasa uğradığını göstərməklə qalmadı, həm də Azərbaycan Türklərinin artıq oyandığını, öz milli kimliyinə yiyə durduğunu və öz milli haqlarını tələb etdiyini ortaya qoydu. İran İslam rejimi gücləri bu haqlı tələbləri dinləmək yerinə yenə öz sifətlərini göstərdi: Azərbaycan Türklərinin kütləvi dinc etiraz yürüşlərinə qarşı zor tətbiq etdi, minlərlə insan tutuqlandı, yüzlərlə insan yaralandı, özəlliklə Azərbaycanın Sulduz şəhərində onlarla Türk gənci rejimin açdığı atəş sonucu şəhid oldu.
Ancaq rejim nə qədər vəhşiliklərə əl atsa da, Azərbaycan Türkünün ruhunu əzə bilmədi. Tərsinə, neçə gün sürən 22 May/1 Xordad ayaqlanması Azərbaycan xalqının yenidən oyanması və dirçəlməsi günü kimi tarixə düşdü. Artıq 14 ildir ki, xalq bu günü qürurla qeyd edir, şəhidlərini anır və Oyanışdan başlayan yolun gec-tez Qurtuluşa yetəcəyini açıqca dilə gətirir.
AFİ azadlıq şəhidlərimizə Tanrıdan rəhmət diləyir və qutsal qurtuluş yolunun Güney Azərbaycana azadlıq, bağımsızlıq gətirəcəyinə inandığını bildirir.
Stokholm 2020.05.24